Dövlət rəmzləri


AZƏRBAYCAN RESPUBLİKASI

(Ümumi qısa məlumat)

Yaranma tarixi  -  28 may 1918-ci il
Birləşmiş Millətlər Təşkilatına daxil olduğu tarix  -  2 mart 1992-ci il
Avropa Şurasına daxil olduğu tarix  -  17 Yanvar 2001-ci il
Ərazisi, min.kv.km  -  86,6 min.kv.km
Paytaxtı  -  BAKI şəhəri
Pul vahidi  -  manat

 

Azərbaycan Respublikasının Konstitusiyasından çıxarış:

Maddə 23. Azərbaycan dövlətinin rəmzləri

I. Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.

II. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

III. Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən edilir.

Azərbaycan Respublikasının rəmzləri:

   DÖVLƏT BAYRAĞI

bayraq

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.

Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası (indiki Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin binası) üzərində qaldırılıb. 1920-ci il aprelin 27-nə - Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna qədər dövlət statusuna malik olan bu bayraq Sovet Rusiyasının qoşunlarının Azərbaycanı işğal etməsi nəticəsində 1920-ci il mayın 3-də Azərbaycan Parlamentinin binası üzərindən endirilib.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilib. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıb. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti vəsatətə baxıb və bu bayrağın yenidən Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edib. Sonralar ümummilli lider bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir.

2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət bayrağının xüsusi əhəmiyyətini vurğulayaraq deyib: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına!”.

2016-cı ilin aprelində şanlı Azərbaycan Ordusu uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində Azərbaycan bayrağını Lələtəpə yüksəkliyinə sancdı. Bundan sonra Dövlət bayrağımız işğaldan azad edilmiş, insanların təhlükəsiz yaşaması mümkün olmuş Cocuq Mərcanlıda dalğalandı. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə Cocuq Mərcanlı qısa müddətdə bərpa olundu və məcburi köçkünlərin öz doğma torpaqlarına “Qayıdış Proqramı”nın icrasına başlanıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı ilin aprel qələbəsində Azərbaycan Ordusunun xidmətlərini yüksək qiymətləndirərək deyib: “Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır... Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir... Biz işğal edilmiş torpaqlara qayıdacağıq. Bu, bizim əsas vəzifəmizdir. Necə ki, keçən il azad edilmiş torpaqlarda bu gün bayrağımız dalğalanır, hələ də işğal altında olan bütün başqa torpaqlarımızda da Azərbaycan bayrağı qaldırılacaqdır”.

bayraq_rengleri   

Azərbaycan Respublikasının Dövlət bayrağında mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng - İslam sivilizasiyasına mənsubluğunu ifadə edir.

Azərbaycan Respublikası Dövlət bayrağının sənaye üsulu ilə hazırlanması, düzəldilməsi, rəngli təsvirinin çapı zamanı onun mavi rənginin “Panton” rənglər kataloqunun Pantone 306C rənginə, qırmızı rənginin Pantone Red 032C rənginə, yaşıl rənginin Pantone 362C rənginə uyğunluğu təmin edilməlidir.

DÖVLƏT GERBİ

gerb   

Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyinin rəmzidir.

Müasir Dövlət gerbi Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış gerb layihəsinin müəyyən dəyişikliklər edilmiş formasıdır.

Azərbaycanın Dövlət gerbi haqqında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1920-ci il yanvarın 30-da müsabiqə elan edib və müsabiqədən keçəcək gerb nümunəsinin həmin il mayın 28-də qəbul ediləcəyi haqqında qərar çıxarıb. Lakin 1920-ci il aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi nəticəsində Dövlət gerbi haqqında qərarın qəbul edilməsi mümkün olmayıb.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Dövlət gerbi ilə bağlı məsələni müzakirə edərək, Azərbaycan SSR Ali Soveti qarşısında Azərbaycanın Dövlət gerbinin hazırlanması üçün yeni müsabiqənin elan olunması haqqında vəsatət qaldırıb. Müsabiqə 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə elan olunub və 1993-cü il yanvarın 19-da Konstitusiya qanunu ilə 1919-1920-ci illərdə hazırlanmış Dövlət gerbi layihələrindən biri müəyyən dəyişikliklərlə Azərbaycan Respublikasının Dövlət gerbi kimi təsdiq edilib.

    

Azərbaycan Respublikasının Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən Şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikası Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri var. Azərbaycan Respublikası Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır.


DÖVLƏT HİMNİ

Musiqisi: Üzeyir Hacıbəyovun

Sözləri: Əhməd Cavadındır

Azərbaycan, Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üç rəngli bayragınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər!
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban! 
Sənə min bir məhəbbət 
Sinəmdə tutmuş məkan! 

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır! 
Şanlı Vətən, Şanlı Vətən! 
Azərbaycan, Azərbaycan!

Azərbaycan Respublikasının Dövlət Himnini yüklə ( 2 MB, .mp3 )

1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan olundu. Lakin 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himnini qəbul etməyə imkan vermədi.

1992-ci il mayın 27-də parlament “Azərbaycan Respublikasının Dövlət himni haqqında” Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə dahi bəstəkar Üzeyir Hacıbəyli və şair Əhməd Cavad tərəfindən tərtib olunmuş “Azərbaycan marşı” Azərbaycanın Dövlət himni kimi təsdiq edildi.

Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamə Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 2 mart tarixli qərarı ilə təsdiqlənib. 2000-ci ildə və 2004-cü ildə ona əlavə də dəyişikliklər edilib. Bu Əsasnaməyə əsasən, Dövlət himni aşağıdakı hallarda ifa olunur:

· Azərbaycan Respublikası Milli Məclisinin sessiyalarının başlanması və qurtarması zamanı;

· Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Milli Məclisinin iclaslarına gəldiyi zaman;

· dövlət bayramlarına həsr olunmuş təntənəli yığıncaqların və iclasların açılışı və bağlanışı zamanı;

· hər gün Azərbaycan Respublikası milli televiziya və radio verilişlərinin əvvəlində və axırında;

· Azərbaycan xalqının və dövlətinin həyatında çox mühüm tarixi hadisələr münasibətilə, Azərbaycanın görkəmli siyasi, dövlət, hərbi xadimlərinin, milli qəhrəmanlarının, elm, ədəbiyyat və incəsənət xadimlərinin şərəfinə abidələrin və lövhələrin açılışı zamanı;

· dövlət və ictimai orqanlar, müəssisələr, idarələr və təşkilatlar tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılarkən;

· Azərbaycan Respublikasına rəsmi görüşə gələn xarici ölkələrin dövlət və hökumət başçıları qarşılanarkən və yola salınarkən - müvafiq ölkənin Dövlət himni ifa olunduqdan sonra.

Azərbaycan Respublikasının qanunvericiliyində Azərbaycan Respublikası Dövlət himninin hökmən ifa olunduğu başqa hallar da nəzərdə tutula bilər.

Bütün hallarda Azərbaycan Respublikasının Dövlət himni tam ifa olunur.

Ümummilli lider Heydər Əliyev Dövlət himnimizin məziyyətlərindən danışarkən deyib: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim Vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir!”.

  

Bayram günləri:

Yeni il bayramı                                        1-2 yanvar

Beynəlxalq Qadınlar Günü                      8 mart

Novruz Bayramı                                      20-24 mart

Faşizm Üzərində Qələbə Günü               9 may

Respublika Günü                                    28 may

Milli Qurtuluş Günü                                 15 iyun

Silahlı Qüvvələr Günü                             26 iyun

Dövlət Müstəqilliyi Günü                         18 oktyabr

Dövlət Bayrağı Günü                              9 noyabr

Azərbaycanın Konstitusiya Günü          12 noyabr

Milli Dirçəliş Günü                                  17 noyabr

Dünya Azərbaycanlıların Həmrəylik Günü    31 dekabr

Dini bayramlar: 

Qurban Bayramı                   2 gün

Ramazan Bayramı               2 gün

Anım günləri:     

20 Yanvar                                                      20 yanvar

Xocalı soyqırımı                                            26 fevral

Azərbaycanlıların soyqırımı günü                 31 mart

Coğrafi məlumat:

  • 86,6 min kv. kilometrdir. Ölkə 44° və 52° şərq uzunluq dairəsi, 38° və 42° şimal en dairəsində, Bakı 40° paralel üzərindədir. Ən iri şəhərləri Gəncə, Sumqayıt, Şəki, Mingəçevir, Lənkəran, Naxçıvan, Xankəndidir (hazırda Ermənistanın işğalı altındadır). 

Dövlət sərhədləri:

Cənubdan İranla 765 km və Türkiyə ilə 15 km, şimaldan Rusiya ilə 390 km, şimali-qərbdən Gürcüstan ilə 480 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. 

Xəzər dənizinin Azərbaycan sektorunda ən enli sahəsinin uzunluğu 456 km. 

Əhalinin ümumi sayı: 9898,1 milyon.

Dövlət dili: Azərbaycan

Din: Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir.

Ölkə əhalinin böyük əksəriyyəti müsəlmanlardır. Hazırda Azərbaycanda 2 mindən çox məscid, 13 kilsə və 7 sinaqoq var.

Siyasi quruluş: Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır.

Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir: Azərbaycan siyasi sistemində dövlət hakimiyyətinin həyata keçirilməsi formasına görə prezident üsul-idarəsinə əsaslanan respublikadır.

Dövlət rəhbəri: Prezident

O, ümumi gizli səsvermə yolu ilə 7 ildən bir seçilir. 2018-ci ilin aprelin 11-də İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

ATICILIQ KURSLARI

Atıcılıq kursunda qeydiyyat və davranış qaydaları ilə ətraflı məlumat aşağıdakı kimidir

Ağstafa