İxtisaslaşdırılmış hərbi ali təhsil müəssisələri


Silahlı Qüvvələrin Hərbi Akademiyası

Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün ali hərbi təhsilli komandir və qəragah zabitlərinin, hərbi-elmi işçilərin hazırlanmasını, onların ixtisasının artırılmasını, hərbi iş sahəsində elmi tətqiqatların aparılmasını və dövlət orqanlarında çalışan yüksək vəzifəli şəxslərə respublikanın müdafiəsi ilə əlaqədar hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin üyrədilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 20 fevral 1999-cu il tarixli fərmanı ilə  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası yaradılmışdır.

Hərbi Akademiyada iki il müddətində təhsil alan dinləyicilər taktiki və operativ səviyyədəki birlik və qərargahlarda komandir və qərargah zabitləri vəzifələrində çalışmaq üçün hazırlanırlar.

Hərbi Akademiyada təşkil olunmuş tədris prosesi hərbi-strateji, operativ-taktiki, eləcə də hərbi-siyasi və hərbi-iqtisadi məsələlərin öyrənilməsini təmin edir.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının nəzdində Strateji tədqiqatlar və dövlət müdafiəsini idarəetmə və Hərbi diplomatiya kursları da fəaliyyət göstərir. Kursların vəzifəsi respublikanın müdafiəsi ilə əlaqədar hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrənilməsini təmin etməkdir.

Xarici dil kurslarında hərbi qulluqçuların xarici dillərdə (ingilis, alman, fransız, fars, erməni) ünsiyyət bacarığının formalaşması və vərdişlərinin təkmilləşdirilməsi həyata keçirilir.

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi

Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında 2000-ci il aprelin 5-də imzalanmış protokola uyğun olaraq Azərbaycan Respublikasının Müdafiə nazirinin 2001-ci il 20 fevral tarixli əmrinə əsasən, NATO təlim sisteminin Azərbaycan Silahlı Qüvvələrində tətbiqi ilə əlaqədar 2001-ci il martın 26-dan Zabit Təkmilləşdirmə və Gizir Hazırlığı kursları və Ehtiyat Zabit Hazırlığı Kursları bazasında Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi (TTM) fəaliyyətə başlayıb.
TTM Silahlı Qüvvələr üçün tələb olunan istiqamətlər və ixtisaslar üzrə kadr hazırlığını həyata keçirən və hərbi-elmi işlərin aparılmasını təmin edən əlavə təhsil müəssisəsidir. Əlavə təhsil kadr potensialının təkmilləşdirilməsini, hərbi qulluqçuların daim dəyişən və yenilənən xidmət şəraitinə uyğunlaşmasını təmin edir. TTM-də aşağıda qeyd olunan kurslar fəaliyyət göstərir:
Zabit heyətinin təkmilləşdirmə kursu - Silahlı Qüvvələrin tələbatına müvafiq olaraq bütün səviyyələrdən və kateqoriyalardan olan zabit heyətinin peşakarlıq səviyyəsinin və xidmət keyfiyyətinin yüksəldilməsi, peşə bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsi, daha müasir hərbi peşə bacarıqlarına və vərdişlərə yiyələnməsi məqsədilə hayata keçirilən əlavə təhsildir. Altı həftəlik kurs tədris ili ərzində 4 dəfə keçirilir. Ehtiyat zabit hazırlığı kursu - zabit ehtiyatının yaradılması məqsədilə ixtisaslar üzrə zabit kadrların hazırlanmasını təmin edən əlavə təhsildir. Kursu müvəffəqiyyətlə bitirənlərə Müdəfiə nazirinin əmri ilə "leytenant" hərbi rütbəsi verilir. Səkkiz həftəlik kurs tədris ili ərzində 4 dəfə keçirilir.
Gizir hazırlığı kursu - müvafiq komanda va mütəxəssis vəzifələrində xidmət üçün kadr hazırlığını təmin edən ixtisas üzrə verilən təhsildir. Kursu müvəffəqiyyətlə bitirənlərə gizir rütbəsi verilir. On bir həftəlik kurs tədris ili ərzində 4 dəfə keçirilir.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursu - müvafiq komanda və mütəxəssis vəzifələrində xidmət üçün kadr hazırlığını təmin edən ixtisas üzrə verilən təhsildir. Dörd həftəlik kurs tədris ili ərzində 4 dəfə keçirilir.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi

Azərbaycan Ali Hərbi Məktəbi 1939-cu ildə yaradılmış və Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi adlandırılmışdır. 1992-ci ilin may ayından Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi Azərbaycan Respublikasının tabeçiliyinə keçmişdir. Yeni yaradılmış Respublikanın Silahlı Qüvvələrinin müxtəlif ixtisas və qoşun növləri üzrə zabit kadrları ilə komplektləşdirilməsinə ehtiyacı olduğundan məktəb Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə (BABKM) çevrilmişdir. 1997-ci ildən etibarən Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə qəbul və tədris müasir standartlara uyğun həyata keçirilməyə başladı. Məktəbə qəbul ilinin sentyabr ayında 17 yaşı tamam olmuş və 19 yaşına çatmamış orta təhsilli gənclər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında riyaziyyat, fizika, Azərbaycan tarixi, Azərbaycan dili və ədəbiyyatı fənlərindən imtahan verirlər. Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən yüksək ballar toplamış gənclər məktəbə qəbul edilirlər. Azərbaycan Respublikası Prezidentinin 20.08.2001-ci il tarixli fərmanına əsasən Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin adı dəyişdirilib Azərbaycan Ali Hərbi Məktəbi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 10 mart 2004-cü il tarixli fərmanı ilə isə Azərbaycan Ali Hərbi Məktəbinə ümummilli liderimiz Heydər Əliyevin adı verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi quru qoşunları, hərbi hava qüvvələri, hava hücumundan müdafiə və hərbi dəniz qüvvələri fakültələri yaradılmaqla, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qoşulub. Hazırda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 4 fakültəsinin 21 kafedrasında 23 hərbi ixtisas üzrə zabitlər hazırlanır. Məktəbin məzunlarına təhsil aldıqları ixtisaslara uyğun «bakalavr» diplomu və «leytenant» hərbi rütbəsi verilir.

Cəmşid Naxçıvanski adına Hərbi Lisey

Diviziya komandiri C.Naxçıvanski adına Hərbi Lisey cənab Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında yaradılmışdır. 24 noyabr 1997-ci il tarixdə Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə məktəbin adı dəyişdirilərək C. Naxçıvanski adına Hərbi Lisey adlandırılmışdır.  Respublikamız müstəqillik əldə etdikdən sonra hərbi liseyin məzunları ordumuzun yaranmasında, vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olmuşlar. Liseyin məzunlarından 100 nəfərdən çoxu göstərdikləri şücaətə görə orden və medallarla təltif olunmuş, 8 nəfəri isə Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.  C.Naxçıvanski adına hərbi lisey dövlət təminatında olan internat tipli tam orta təhsil müəssisəsidir. Liseyə qəbul ilinin sentyabr ayının 15-nə 15 yaşı tamam olmuş və 17 yaşına çatmamış 9-cu sinfi bitirmiş şagirdlər riyaziyyat, fizika, Azərbaycan dili və kimya fənlərindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında test imtahanlarını verməklə qəbul olunurlar. Hərbi liseydə təhsil müddəti 2 ildir. Liseydə kursantlar ümumtəhsil fənlərini öyrənməklə yanaşı hərbi hazırlıq və idman dərslərində imkanlarını inkişaf etdirirlər.

Heydər Əliyev adına Hərbi Lisey

Azərbaycan Respublikası prezidentinin 13.03.1998-ci il tarixli Sərəncamı və müdafiə nazirinin 09.04.1998-ci il tarixli əmri ilə 1998-ci ildə Naxçıvan Muxtar Respublikasında C.Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialı açılmışdır. Azərbaycan Respublikası prezidentinin 27 fevral 2004-cü il tarixli sərəncamı ilə  C.Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialı ləğv edilmiş və onun əsasında Heydər Əliyev adına Hərbi Lisey yaradılmışdır.

Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin peşəkar hərbi tibb zabitlərinə ehtiyacını ödəmək üçün Azərbaycan Respublikası Prezidentinin 25.05.2000-ci il tarixli «Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün ehtiyat zabit kadrlarının hazırlanması işinin təkmilləşdirilməsi haqqında» sərəncamının tələblərinə müvafiq olaraq Azərbaycan Tibb Universitetinin nəzdində Hərbi tibb fakültəsi yaradılmışdır. Fakültədə təhsil müddəti 2 ildir. Bu fakultəyə 2000-ci ilin avqust ayından Tibb Universitetinin müalicə-profilaktika, pediatriya və stomatologiya fakültələrinin 4-cü kursunu bitirmiş oğlan tələbələr seçmə yolu ilə qəbul edilirlər.

2006-cı ildən etibarən isə Hərbi Tibb fakültəsinin 1-ci kursuna «hərbi həkim işi» ixtisası üzrə kursantların qəbul edilməsinə başlanılmışdır. 

Hərbi tibb fakültəsinin nəzdində tibb xidməti zabitlərinin təhsilində fasiləsiçlilik prinsipinin təmin edilməsi məqsədi ilə «təkmilləşdirmə» kursları da fəaliyyət göstərir. 

«Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu»nun tələblərinə müvafiq olaraq hərbi həkimlərin ixtisaslaşmalarının həyata keçirilməsi məqsədi ilə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində 2011/2012-ci tədris ilindən 11 ixtisas üzrə rezidentlərin hazırlığına başlanılmışdır.

Hərbi tibb məktəbi

1994-cü ilin avqust ayına kimi fəaliyyət göstərən hərbi feldşer hazırlığı fakultəsi müdafiə nazirinin əmrinə əsasən orta hərbi tibb məktəbinə çevrilmişdir.

Tədris prosesini təkmilləşdirmək və Azərbaycan Tibb Universitetinin maddi-texniki bazasının və professor-müəllim heyətinin potensialından istifadə etmək məqsədi ilə 2000-ci ilin dekabr ayından orta hərbi tibb məktəbi Hərbi Tibb fakultəsinin tərkibinə daxil edilmişdir.
Orta hərbi tibb məktəbində 2 il müddətində hərbi feldşerlər hazırlanır.

Fövqəladə Hallar Nazirliyinin Akademiyası

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 2 iyul tarixli 2850 nömrəli Sərəncamına əsasən yaradılmışdır və Azərbaycan Respublikasının Fövqəladə HallarNazirliyi üçün xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasını, əməkdaşların əlavə təhsilini, fövqəladə hallar sahəsində fundamental və tətbiqi elmi tədqiqatları aparan ali təhsil müəssisəsidir. Tədris Azərbaycan dilində aparılır. Qəbul imtahanı I ixtisas qrupuna daxil olan fənlər üzrə keçirilir. Akademiyaya qəbul olan şəxslər təhsil müddətində yemək, xüsusi geyim forması və yataqxana ilə təmin olunur, təqaüd alırlar. Akademiyaya qəbul olmaq istəyən namizədlər boyu 170 sm-dən az olmayan, 17 yaşı müvafiq tədris ilinin 15 sentyabr tarixinədək tamam olmaqla orta məktəbin buraxılış sinfində oxuyan və yaxud müddətli həqiqi hərbi xidmətini başa vurmuş 23 yaşı müvafiq tədris ilinin 15 sentyabr tarixinədək tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilirlər.

Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası – ali və əlavə təhsil proqramlarını həyata keçirən, dövlət təhlükəsizlik orqanları üçün xüsussi ixtisaslı ali təhsilli zabit kadrlar hazırlayan, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir. Akademiya Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 1998-ci il tarixli 37 nömrəli Sərəncamı ilə yaradılmışdır.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci il dekabr ayının 20-də imzaladığı Fərman ilə təhlükəsizlik orqanları üçün kadr hazırlığı sahəsində nailiyyətləri nəzərə alınaraq Akademiyaya Ümummilli Lider Heydər Əliyevin adı verilmişdir.

Qəbul qaydaları

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasına peşə seçiminin bütün tələblərinə cavab verən orta məktəb məzunları olan çağırışçılar, eləcə də respublikanın təhlükəsizlik orqanlarında xidmət edən, zabit hərbi rütbəsi olmayan orta və ya orta-ixtisas təhsilli hərbi qulluqçular qəbul oluna bilərlər. Akademiyaya qəbul olunmaq üçün aşağıdakı yaş hədləri müəyyən olunmuşdur: - hərbi qulluqçular – 18 yaşından 23 yaşınadək;

- orta məktəb məzunları olan çağırışçılar – 17 yaşından 19 yaşınadək.

Akademiyaya daxil olmaq istəyən şəxslər qəbul keçirilən il yanvar ayının 10-dək ərizə ilə yaşayış yeri üzrə DTX-nin yerli orqanlarına (hərbi qulluqçular komanda üzrə raportla) müraciət etməlidirlər. Müraciət edən namizədlər müəyyən olunmuş qaydada tibbi yoxlamadan keçdikdən və fiziki hazırlıq normativlərini ödədikdən sonra onlarla Akademiyada Mandat Komissiyası tərəfindən peşə seçimi ilə bağlı söhbət aparılır. Peşə seçimini müvəffəqiyyətlə keçmiş namizədlər Akademiyanın "Əməliyyat işçilərinin hazırlanması" fakültəsinə ("Hüquqşünaslıq" və və "İnformasiya təhlükəsizliyi" ixtisasları üzrə) qəbul olunmaq üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən test imtahanlarında I və III ixtisas qrupunda qəbul imtahanı verirlər. İmtahanlarda yüksək bal toplayan abituriyentlər Akademiyaya qəbul olunurlar. Akademiyaya qəbul imtahanları namizədin arzusu ilə Azərbaycan və ya rus dilində verilə bilər, Akademiyada təhsil isə Azərbaycan dilində aparılır.

Daxli Qoşunların Ali Hərbi Məktəbi

Daxili Qoşunların Ali Hərbi Məktəbi Daxili Qoşunlar Komandanının 30 sentyabr 1994-cü il tarixli, müvafiq əmrinə əsasən Bakı şəhər Xəzər rayonunun Qala qəsəbəsinin ərazisində Tədris Taboru kimi yaradılmışdır.

Azərbaycan və Türkiyə dövləti 31.10.1997-ci il tarixində Türkiyə Jandarm təşkilatı tərəfindən DQBİ-nin şəxsi heyətinə Təlim-tədris və Arxa cəbhə üzrə göstəriləcək yardıma dair imzalanmış Protokolun tələblərinə uyğun olaraq,  Daxili Qoşunlarda müasir tələblərə cavab verən Tədris müəssisəsinin yaradılmasına start verilmişdir. 

05 iyul 2001-ci il tarixdə Daxili Qoşunlar Komandanının müvafiq əmrilə Tədris Mərkəzi kimi fəaliyyətə başlamışdır. 

Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 20 sentyabr 2003-cü il tarixli əmri ilə Tədris Mərkəzinin bazasında "N" saylı hərbi hissə yaradılmış və Azərbaycan Respublikası  Nazirlər Kabinetinin  17 aprel 2006-cı il tarixli qərarına əsasən, həmin hərbi hissənin nəzdində Daxili Qoşunların Orta İxtisas Hərbi məktəbi yaradılmışdır.

04 iyul 2008-ci il tarixində Azərbaycan Respublikası Daxili işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən hərbi hissəyə döyüş bayrağı təqdim olunmuşdur. Daxili İşlər nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbi Azərbaycan Respublikasının Prezidentinin 25 fevral 2011-ci il tarixli Sərəncamı ilə Orta Ixtisas Hərbi məktəbinin bazasında yaradılmışdı. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 09 iyul tarixli Fərmanı ilə Ali Hərbi Məktəbin Nizamnaməsi təsdiq edilmişdir.

Dövlət Sərhəd Xidmətinin Akademiyası

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 iyun tarixli 2217 nömrəli Sərəncamına əsasən yaradılmış Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyası ali və əlavə təhsil proqramlarını, ali təhsilin bütün səviyyələrində kadr hazırlığını həyata keçirən, elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali hərbi təhsil müəssisəsidir. Akademiyanın fəaliyyətinin əsas məqsədi Dövlət Sərhəd Xidməti üçün xüsusi ixtisaslar üzrə ali hərbi təhsilli zabit kadrları hazırlamaq, dövlət sərhədinin mühafizəsi və hərbi iş sahəsində elmi tədqiqatlar aparılmasını təşkil etməkdir.

Dövlət Sərhəd Xidmətinin Akademiyasında təhsil almaq arzusunda olan Azər­baycan Respublikası vətəndaşları aşağıdakı tələblərə cavab verməlidirlər:

Hərbi xidmətdə olmayanlar üçün –

2019-cu ildə 17 yaşı tamam olmalı və 20 yaşı tamam olmamalıdır;

2019-cu ilin iyul ayının 31-dək müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxs­lə­r Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq şəhər (rayon) idarə və şöbələri tərəfindən verilmiş  möhlət hüququna dair arayış təqdim etməlidirlər.

 Hərbi xidmətdə olanlar üçün –

DSX Akademiyasına qəbul olunduğu tarixədək 23 yaşı tamam olmamalıdır.      

Müraciət edən şəxslər tam orta və ya orta-ixtisas təhsilinə malik, fiziki cəhətdən sağlam olmalıdırlar.

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbi

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 22 may tarixli 170 nömrəli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin strukturunda fəaliyyət göstərən xüsusi təyinatlı tam orta ümumtəhsil müəssisəsidir. Məktəbin V sinfinə həmin ildə 10 yaşı tamam olan və 12 yaşı tamam olmayan ümumtəhsil məktəbinin IV sinfini bitirmiş oğlanlar qəbul edilirlər. Məktəbdə tədris dili Azərbaycan dilidir. Məktəbdə təhsilalanların pul, əşya-geyim, ərzaq, tibbi, yaşayış yeri (yataqxana) təminatı qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən həyata keçirilir. Məktəbdə təhsil pulsuzdur. Məktəb Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşir.

 

ATICILIQ KURSLARI

Atıcılıq kursunda qeydiyyat və davranış qaydaları ilə ətraflı məlumat aşağıdakı kimidir

Ağstafa