27 sentyabr - Anım Günü


     2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam etmiş hərbi əməliyyatlar Azərbaycan tarixinə Vətən müharibəsi kimi düşdü. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda müharibədə əsl qəhrəmanlıq nümunələri yaratmış əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan vətəndaşlarımız, bütövlükdə Azərbaycan xalqı bu Haqq və Şərəf işində əzm və iradə, möhkəm birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbə endirdi.
     Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən qorxu mühiti yaratmaq, xalqımızın iradəsini sarsıtmaq məqsədilə günahsız mülki insanları hədəfə aldı və müharibə cinayətləri törətdi. Ermənistan ordusunun yaşayış məntəqələrimizi ağır artilleriya və raket atəşinə tutması nəticəsində müharibə dövründə 100-ə yaxın mülki şəxs həlak oldu, 400-dən artıq dinc insan isə yaralandı. Müharibə dövründə bir çox hərbçimiz şəhid oldu, itkin düşdü, yaralanaraq sağlamlığını itirdi.
     Torpaqlarımız qəhrəman şəhidlərin qanı və canı bahasına işğaldan azad edildi. Müzəffər Azərbaycan Ordusunun yazdığı tarix daha güclü Azərbaycan üçün möhkəm bünövrə yaratdı. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir.
    Azərbaycan xalqı və dövləti hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, şəhidlərin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarda dalğalandırmış, ölkənin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərə, bütün şəhidlərə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı Sərəncamla sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü elan edilib.

Ağstafa