Ümummilli Lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

Ümummilli Lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

Tarix: 2022-12-12 17:30:06

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdən öncə SHXÇDX-nin şəxsi heyəti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub, üzərinə tər çiçəklər düzülüb.

Tədbir Ulu Öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbirdə çıxış edən SHXÇDX rəisinin müavini, general-leytenant Zaur Abdullayev dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən respublikamızda ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə dövlətçiliyin xilas edildiyini bildirib. Respublikamızın bugünkü inkişafının, beynəlxalq arenada nüfuz qazanmasının Ümummilli Liderin əsasını qoyduğu strateji xəttin və həmin siyasətin Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsində mümkün olduğunu diqqətə çatdırıb.

Daha sonra çıxış edən Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid ölkəmizin siyasi sisteminin formalaşmasında və cəmiyyətin müxtəlif sahələrinin inkişafında Ulu Öndərin misilsiz xidmətlərindən danışıb. Ümummilli lider Heydər Əliyevin mədəniyyətə, ədəbiyyata qayğısından, milli duyğuların dirçəlişindəki rolundan bəhs edərək onun ədəbiyyatın fəal mütaliəçisi, yazıçı və şairlərin hamisi olduğunu da qeyd edib.

Ümummilli lider Heydər Əliyevin ordu quruculuğundan bəhs edən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli qeyd edib ki, hakimiyyətə gəldiyi gündən ulu öndərin uzaqgörən siyasəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdır. Təsadüfi deyil ki, C. Naxçıvanski adına Hərbi Lisey Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrildi, müasir Azərbaycan Silahlı Qüvvələrinin əsasını təşkil edən zabitlər yetişdirdi.

Qeyd edək ki, SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrində, o cümlədən strukturuna daxil olan qurumlarda ümummilli lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar anım mərasimləri keçirilib. 

Ağstafa